Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində də artım tempi davam edir.

Belə ki, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2938.01 milyon  manata çatıb.

Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.

Qeyri-büdcə sektoru üzrə daxilolmaların artırılması istiqamətində görülən tədbirlər də müsbət nəticəsini verir. Cari ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində həmin sektora aid daxilolmalar üzrə 9 faizə yaxın (87,81 milyon manat) artım qeydə alınıb.

Beləliklə, qeyri-büdcə sektoru üzrə daxilolmalara dair proqnoz 103,3 faiz yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır