Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində 10,50 % artım qeydə alınıb

Pensiyaların orta aylıq məbləği 8,8 %, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,27 % artıb

Cari ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 999,85 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,50 % və ya 95,01 milyon manat artıb. O cümlədən, Fondun məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 9,61 % artaraq 507,85 milyon manat təşkil edib. Həmin daxilolmaların 63,8 %-i və ya 324,18 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da ötən ilin birinci rübünə nisbətən 10,03 % və ya 29,54 milyon manat çox olmaqla proqnozun 102,1 % icra edildiyini göstərir.

2018-ci ilin birinci rübündə işsizlikdən sığorta haqları üzrə gəlirlər isə 15,5 milyon manat təşkil edib.

İşləyən əhalinin sosial müdafiə hüquqlarının formalaşmasına əsas yaradan fərdi uçot sistemində iştiraka marağın artması həmin sistemdə fərdi şəxsi hesabı olanların sayının cari ildə də artmasını şərtləndirib. Bunun əyani təsdiqi olaraq, 2018-ci ilin 1 aprel tarixinə sistemdə qeydiyyatda olan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 443 760 nəfər) ilə müqayisədə 164 212 nəfər və ya 4,8 % artaraq 3 607 972 nəfərə çatıb.

Beləliklə, ötən dövrdə olduğu kimi, cari ildə də əmək pensiyalarında artım tempi davam edərək, pensiyaların orta aylıq məbləği cari ilin əvvəlindəki 208,36 manatdan 2018-ci il 1 aprel tarixinə 218,03 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 233,68 manatdan 244,36 manata yüksəlib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən pensiyaların orta aylıq məbləğinin 8,8 %, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 9,27 % artdığını göstərir.

Daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır