Dünya Bankı qiymətli metallar bazarına dair son hesabatında bildirib ki, qızıl, gümüş və platin kimi qiymətli metalların qiymətləri 2026-cı ilin sonuna qədər yüksək səviyyədə qalacaq, yalnız 2027-də yüngül azalma gözlənilir.
BBN.az xəbər verir ki, qurumun proqnozuna əsasən, qiymətli metallar indeksi 2025-ci ildə 41 faiz, 2026-da isə 6 faiz artacaq. 2027-də isə qiymətlərdə təxminən 6 faiz azalma baş verə bilər.
Qızıl oktyabr ayında 4 000 ABŞ dolları/unsiya səviyyəsini keçərək tarixdə rekord qırıb. Artımın əsas səbəbləri geosiyasi gərginliklər, ABŞ dollarının zəifləməsi və yumşaq monetar siyasət nəticəsində yaranan güclü investisiya tələbi ilə izah olunur. Hesabatda qeyd olunur ki, 2025-ci ilin ilk yarısında qlobal qızıl tələbi 13 faiz artıb. Bu artımın əsas hissəsi birja fondlarına (ETF) yönələn investisiyalarla təmin olunub. Dünya Bankı 2026-da qızılın qiymətinin daha yavaş tempdə, təxminən 5 faiz artacağını gözləyir.
Gümüş qiymətləri 2025-ci ildə 34 faiz, 2026-da 8 faiz artacaq, lakin 2027-də 10 faiz azalacaq. Qurum bildirir ki, gümüş həm investisiya aktivinə çevrilib, həm də bərpa olunan enerji və yarımkeçirici sənayesində geniş istifadə olunduğu üçün tələbi artıb.
Platin bazarındakı artım isə əsasən Cənubi Afrikadakı hasilat azlığı və sənaye tələbinin bərpası ilə izah olunur. Qiymətlər 2025-də 29 faiz, 2026-da 4 faiz, 2027-də isə 2 faiz yüksələcək.
Bankların proqnozlarına görə, Bank of America və Société Générale qızılın 2026-nın sonuna qədər 5 000 $/unsiya səviyyəsinə yüksələcəyini bildirir. Goldman Sachs və Morgan Stanley qiymətin 4 500–4 900 $/unsiya aralığında qalacağını proqnozlaşdırır. Bank of America həmçinin gümüşün 2026-da 65 $/unsiya səviyyəsinə çata biləcəyini açıqlayıb. Metals Focus platin üçün 2026-da 1 670 $/unsiya orta qiymət gözləyir.
Dünya Bankı xəbərdarlıq edir ki, geosiyasi gərginliklər və ya qlobal iqtisadi yavaşlama davam edərsə, qiymətlər proqnozları da keçə bilər. Əks halda, ABŞ monetar siyasəti sərtləşərsə və beynəlxalq gərginliklər azalarsa, bazarda korreksiya və ucuzlaşma mümkündür.
Mütəxəssislərin fikrincə, qiymətli metallar bazarında müşahidə olunan uzunmüddətli artım investorların dollardan uzaqlaşıb “təhlükəsiz liman” aktivlərə yönəlməsi ilə bağlıdır. Nəticədə, 2026-ya qədər qızıl və gümüş dünya maliyyə bazarlarında ən çox tələb olunan aktivlər olaraq qalacaq.