Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycanda iqtisadi islahatlara dair xüsusi tədbir keçirilib. Toplantıda “Doing Business islahatları: Azərbaycanda inklüziv və davamlı iqtisadi inkişaf” mövzusunda təqdimat nümayiş olunub. 

   Tədbirdə çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verib. O ilk növbədə dövlət başçısının uğurlu siyasəti ilə ölkədə yaradılan monitorinq və qiymətləndirmə institutu, rəqəmsallaşması ilə bağlı xüsusi qeydləri iştirakçıların diqqətə çatdırıb. Həmçinin Vüsal Qasımlı qeyd edib ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azranking.az portalı üzərindən dövlət-özəl dialoquna əsaslanan rəqəmsal platforma yaradılıb: “Bütövlükdə islahatların hazırlanması, həyata keçirilməsi, monitorinq və qiymətləndirməsi kimi mərhələlərinin tam rəqəmsallaşması islahatların kəsilməzliyini, dönməzliyini, inklüzivliyini və sistemliliyini təmin edir. Təsadüfi deyil ki, Doing Business hesabatında 25-ci yeri tutan Azərbaycan yenidən bu ilki hesabatda top 20 islahatçı ölkənin sırasında daxil edilib.  Digər tərəfdən isə Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 11 pillə irəliləyərək 58-ci yerdə qərarlaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan “Hökumətin dəyişikliyə reaksiyası” sub-indikatoru üzrə dünyanın 140 ölkəsi arasında 5-ci, “Hökumətin strateji baxışı” sub-indikatoru üzrə isə 10-cu yerdədir. Bu iki sub-indikator onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatlar kifayət qədər həm yerli, həm də qlobal çağırışları, perspektivləri, riskləri nəzərə alaraq sistemli şəkildə təkcə qısa, orta deyil, həm də uzun müddətli dönəmdə hazırlanaraq həyata keçirilir. Aparılan uğurlu islahatlar artıq öz nəticəsini verir və nəticə ondan ibarətdir ki, Azərbaycanın tədiyyə balansında, icmal balansında və hökumətin balansında müsbət saldolar yaranıb, inflyasiya 2,6 faiz  təşkil edib, manatın sabitliyi təmin olunub. Azərbaycanın strateji valyuta ehtiyatları onun ümumi daxili məhsulunun 110 faizini təşkil etdiyi halda, xarici borcu onun 17 faizini təşkil edir”.  

Daha ətraflı məlumat üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır