Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ABŞ-ın paytaxtı Vaşinqtona səfəri çərçivəsində martın 2-də Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.
S.Şərifov BVF-nin sərəncamçı direktoruna Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar haqqında müfəssəl məlumat verib.
K.Georgiyeva Prezident İlham Əliyev ilə 2019-cu ilin yanvar ayında Davos İqtisadi Forumunda keçirdiyi görüşü xatırladaraq Azırbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı ətraflı məlumat aldığını və BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüşdə ölkəmizin regional və qlobal miqyasda oynadığı mühüm rolun əhəmiyyəti vurğulanıb, həmçinin, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığın müasir vəziyyəti və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi ətrafında səmərəli müzakirələr aparılıb.
Maliyyə naziri S.Şərifovun BVF-nin Yaxın Şərq və Orta Asiya departamentinin rəhbəri Cihad Azur və Fondun Azərbaycan üzrə missiya rəhbəri Nataliya Tamirisa ilə keçirdiyi görüşdə Azərbaycanda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və BVF-nin 4-cü Maddəsi çərçivəsində bu qurumun missiyasının cari ilin iyul ayında ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı hazırlıqlar müzakirə edilib.
Samir Şərifov dünən həmçinin Dünya Bankının (DB) vitse-prezidenti S.Müller ilə də görüşüb. Görüşdə ötən ay Prezident İlham Əliyev və DB-nin icraçı direktoru Aksel Van Trontsenburq arasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilmiş görüşündən irəli gələn məsələlərin icrası və gələcək əməkdaşlıq planları barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycanın maliyyə naziri ABŞ-ın dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini və Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının ABŞ tərəfindən həmsədri Peter Xaas ilə də görüşüb. Görüşdə Hökumətlərarası Komissiyanın növbəti iclasının 2020-ci ilin payızda Vaşinqtonda keçirilməsi və iqtisadi əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə edilib.