Dünya milyarderlərinin cəmi sərvəti 7,7 trilyon dollara çatıb

“Wealth-X” ekspertlərinin hesablamalarına əsasən, ən çox milyarder Avropada yaşayır, Asiyada isə milyarderlərin sayı sürətlə artır.

Dünyada var-dövləti 1 milyard dollar və ya daha çox olan insanların sayı 2015-ci ildə 6,4% artıb: indi 2 473 nəfər belə var-dövlətlə öyünə bilər.

“Wealth-X” analitiklərinin fikrincə, milyarderlərin ümumi var-dövləti 2015-ci ilin yekunları üzrə 7,683 trilyon ABŞ dolları təşkil edib.

Ötən illə müqayisədə milyarderlərin məcmu kapitalı 5,4% artaraq, ABŞ və Çin istisna olmaqla, dünyanın bütün ölkələrinin ÜDM göstəricisini üstələyib.

Hesabatda 2015-ci il Asiya (Yaxın Şərq istisna olmaqla) üçün daha “məhsuldar” alınıb: bu regionda milyarderlərin sayı 15,2% artıb. Bu isə Şimali Amerikada müşahidə edilən artımdan demək olar 5 dəfə çoxdur. Nəticədə Asiya var-dövləti azı 1 milyard ABŞ dolları olan sakinlərin sayına görə (645 nəfər) dünyada ikinci sıraya yüksəlib. Şimali Amerikada isə milyarderlərin sayı 628 nəfərdir.

Milyarderlərin sayına görə lider yenə də Avropa (806) olaraq qalır. Amma 2015-ci ildə yerli varlıların var-dövləti 1,9% azalıb. Bu azalma digər regionlarda da müşahidə edilib, özü də daha iri həcmdə. Məsələn, Şimali Amerikada yaşayan milyarderlərin var-dövləti 8%, Asiyadakı “üst təbəqə”ninki 19,6%, Yaxın Şərqin varlılarınkı isə 9% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır