Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (ITIC), Özbəkistan Respublikası Maliyyə Nazirliyi və Özbəkistan Nazirlər Kabineti yanında Dövlət Gəlirləri Komitəsinin təşkilatçılığı ilə Daşkənd şəhərində İpək Yolu Vergi Forumunun 16-cı iclası keçirilib. Forumda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müşaviri Fərid İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti də təmsil olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Tacikistan, Çin kimi ölkələrin dövlət qurumları və biznes nümayəndələri, həmçinin bir sıra beynəlxalq təşkilatlar iştirak edib.
Forumun əsas məqsədi Avrasiya ölkələrinin vergi siyasəti və inzibatçılığındakı son dəyişikliklərin müzakirəsi, vergilər və maliyyə sahəsində aktual problemlərin həllində beynəlxalq təcrübə mübadiləsi, o cümlədən region ölkələrində vergi inzibatçılığının qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, iştirakçı ölkələr arasında əməkdaşlığın inkişafı üzrə ümumi razılaşmaların əldə edilməsindən ibarət olub. Tədbir çərçivəsində regional iqtisadi inkişaf və vergi siyasəti, birbaşa və dolayı vergitutma, rəqəmsal vergi inzibatçılığı, OECD-nin vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi halları ilə mübarizə üzrə Fəaliyyət Planının (BEPS) ikipilləli həlli daxil olmaqla, müxtəlif mövzulara həsr edilmiş 8 tematik sessiya keçirilib.
Forumda “Yaşıl artım və vergilər” mövzusunda çıxış edən Fərid İsayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu il ölkəmizdə keçiriləcəyini qeyd edib və 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi hədəfləri Azərbaycanın 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərində təsbit olunub. Ölkədə yaşıl artımın təşviqi məqsədilə vergi azadolmaları və güzəştləri barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, əhəmiyyətli vergi güzəştlərini nəzərdə tutan investisiya təşviqi sənədinin verilməsi üçün strateji investisiya istiqamətlərindən biri də bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələridir. Çıxışda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğu vurğulanıb. Çıxış zamanı yaşıl texnologiyaların və innovasiyaların “yaşıl artım”ın təmin edilməsinin vacib şərtlərindən biri olduğunu nəzərə alaraq, İKT sahəsinin inkişafı və texnologiyalar parklarının rezidentləri üçün ölkəmizdə mövcud olan vergi və sosial sığorta güzəştləri haqqında da məlumat verilib. Bundan əlavə, ekoloji təmiz nəqliyyat vasitələrinin idxalına şamil olunan güzəştli fiskal rejim tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Forumda İpək yolu ölkələrinin vergi sahəsində uğurlu təcrübələri haqqında müxtəlif təqdimatlar və çıxışlar səsləndirilib.