EaPeReg-ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib

Şərq  Tərəfdaşlığı ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisi şəhərində EaPeReg-ə üzv və məşvərətçi ölkələrin tənzimləmə qurumu rəhbərlərinin görüşü keçirilib. Azərbaycan bu görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Görüş zamanı  28 fevral 2019-cu il tarixində Buxarestdə keçirilmiş rəqəmsal iqtisadiyyat üzrə Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrinin üçüncü Nazirlər Toplantısının nəticələrinə əsasən EaPeReg üzrə gələcək fəaliyyətə dair müzakirələr aparılıb.Danışıqlarda  2020-ci il üçün hədəflər müəyyən olunub.

Sonda EaPeReg üzrə fəaliyyəti hüquqi aspektdən təmin edən və onun iş qaydasını müəyyən edən Anlaşma Memorandumunun Azərbaycan tərəfindən imzalanma mərasimi keçirilib. Sözügedən Anlaşma Memorandumu Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrdən Gürcüstan, Moldova, Ukrayna və Ermənistan tərəfindən 2012-ci ildə, Belarus tərəfindən isə 2016-cı ildə imzalanıb.Azərbaycan isə 2012-ci ildən EaPeReg-in işində müşahidəçi qismində mütəmadi olaraq iştirak edib.

Xəbərin davamı üçün keçidə daxil ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır