EBRD Azərbaycanda irimiqyaslı nəqliyyat layihələrini maliyyələşdirməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində irimiqyaslı layihələrin maliyyələşdirilməsində və ya müştərək maliyyələşdirilməsində iştirak edə bilər.

Bunu Reporta müsahibəsində Bankın Qafqaz üzrə regional direktoru Alkis Drakinos bildirib.

Onun sözlərinə görə, EBRD davamlı komponentlər üçün donor vəsaitlərinin cəlb olunması, texniki-iqtisadi, ekoloji və sosial araşdırmaların aparılması, həmçinin investisiya layihələrinin risklərinin azaldılması istiqamətində mühüm rol oynaya bilər:

“Biz yalnız sərmayə qərarlarını deyil, həm də daha rəqabətqabiliyyətli və davamlı sistem yaratmağa yönəlmiş ‘yumşaq’ tədbirləri dəstəkləyirik,” – deyə A. Drakinos qeyd edib.

Regional direktor bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas həlqələrindən birinə çevirir. Onun sözlərinə görə, ABŞ-nin dəstəyi ilə sülh sazişi çərçivəsində əldə edilən tərəqqi regionda inteqrasiyanı gücləndirərək ticarət, investisiyalar və inklüziv inkişaf üçün yeni imkanlar yaradır.

A. Drakinos əlavə edib ki, “yaşıl dəhliz” həlləri multimodal inteqrasiyanı — dəmir yolu, liman, dəniz və avtomobil əlaqələrinin birləşdirilməsini, logistik proseslərin rəqəmsallaşdırılmasını və marşrut boyunca enerji keçidinin təmin edilməsini nəzərdə tutur.

“Konkret nümunə kimi Gürcüstan və Azərbaycan dəmir yolları ilə birgə həyata keçirilən konteyner daşımaları layihəsini göstərmək olar. Layihə Batumi və Bakı arasında yük maşınlarının və sürücülərin dəmir yolu ilə daşınmasını nəzərdə tutur ki, bu da həm tıxacların, həm də emissiyaların azalmasına şərait yaradacaq,” – deyə o vurğulayıb.

Drakinosun sözlərinə görə, EBRD investisiya qərarlarında iqtisadi məqsədəuyğunluq, ekoloji səmərəlilik və iştirakçı tərəflərin prosesə sadiqliyini əsas meyar kimi qiymətləndirir:

“Yaşıl dəhlizlər daha təmiz və ağıllı bağlantı formasını — bir-biri ilə səmərəli əməkdaşlıq edən iqtisadi aktorların ekosistemini təmsil edir. Bu sahədə böyük təcrübəyə malik olan EBRD belə təşəbbüslərin həyata keçirilməsində etibarlı tərəfdaşdır,” – o qeyd edib.

Related posts

Aİ-də dondurulmuş Rusiya aktivləri ilə bağlı qərar səsvermə yolu ilə qəbul oluna bilər – Ursula fon der Lyayen

Milli Məclisin dekabrın 23-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Böyük Britaniya Rusiya neft-qaz şirkətlərinə qarşı sanksiya siyahısını genişləndirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı