ECO ölkələrinin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparatının və tabeli qurumlarının mütəxəssisləri, üzv ölkələrin kənd təsərrüfatı nazirliklərinin mütəxəssisləri və ECO-nun müvafiq qurumlarının nümayəndələri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Bankının rəsmiləri iştirak edir.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Artıq aqrar sektorda yeni iqtisadi münasibətlər formalaşıb, bu sahənin idarəetmə strukturunun dövrün tələblərinə uyğun olaraq formalaşdırılması, dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığı artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülməsi bu sahənin son dövrlərdə inkişafına təkan verən amillərdən biri olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 7,1% artım qeydə alınıb və aqrar sektorun ÜDM-də payı 6,2 faizə çatıb”.

Nazir müavini əlavə edib ki, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir: “Bildiyiniz kimi, ECO-ya üzv ölkələr arasında əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq davam etdirilir. İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır