Ehtiyat Data Mərkəzi üçün “TIER 3” sertifikatı alınıb

Məlumatların qorunması, etibarlı və keyfiyyətli “Azcloud” bulud xidmətlərinin portfoliosunu artırmaq üzrə ixtisaslaşmış “AzInTelecom” MMC tərəfindən Yevlaxda inşası davam edən ehtiyat Data Mərkəzinə ABŞ-ın “Uptime Institute” təşkilatının “TIER 3” dizayn sertifikatı artıq alınıb. Data Mərkəzin istismara verilməsi 2020-ci ilin birinci rübünə nəzərdə tutulub.

Data Mərkəzinin daşına bilən xarakterli olması fövqəladə hallar zamanı məlumatların saxlanan konteynerlərin fiziki olaraq tam təhlükəsiz şəkildə daha təhlükəsiz əraziyə daşınması imkanı onun etibarlılıq səviyyəsini daha da artırmış olur.

“AzInTelecom”un əldə etdiyi sertifikatlardan biri kimi “ISO/IEC 27001” standartının mövcudluğu informasiya təhlükəsizliyinin effektiv idarə olunmasının bariz sübutudur. “ISO/IEC 27001” şirkətin informasiya təhlükəsizliyinin idarəetmə sisteminin işlənib hazırlanması üçün nəzərdə tutulan standartdır. Şirkətin informasiya sisteminin şəffaflaşdırılması, biznes proseslərinin təhlükəsizliyi ilə bağlı əsas təhdidlərin aşkar edilməsi, təhlükəsizlik və idarəetmə sistemində təhdid və çatışmazlıqlardan qorunmaq üçün tövsiyələrin işlənib hazırlanmasından ibarət olan “ISO/IEC 27001” standartı şirkətin rəqabət qabiliyyətini və informasiya risklərini idarə etmək qabiliyyətini artırır.

“AzInTelecom” MMC-nin ehtiyat Data Mərkəzi vasitəsilə məlumatların qorunması ilə yanaşı, Yevlaxda quraşdırılan konteyner tipli infrastruktur vasitəsilə Azərbaycanla bütün dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon danışıqlarını  təmin edən stansiya sistemlərinin də coğrafi rezervlənməsi təmin olunur.

Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Iayihəsi çərçivəsində Ədliyyə Nazirliyinə məxsus məlumatların rezervlənməsi məhz  sözügedən Data Mərkəzi vasitəsilə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır