Son 10 gün ərzində ABŞ dollarının məzənnəsində ucuzlaşma müşahidə olunur. ABŞ dollarının dünyanın aparıcı 6 valyutasına qarşı ortaq məzənnə dəyərini göstərən Dollar İndeksi bu tendensiyanı təsdiqləyir.
BBN.az Sfera.az-a istinadən xəbər verir ki, 10 gün əvvəl 99,2 səviyyəsində olan Dollar İndeksi hazırda 95,8 səviyyəsinə geriləyib.
Dolların ucuzlaşması isə bir sıra mühüm əmtəələrin, o cümlədən neft və qızılın qiymətinin artmasına təsir göstərir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Fuad İbrahimov bildirib ki, Dollar İndeksinin bu qədər enməsi hər hansı qlobal problemlə əlaqəli deyil.
Onun sözlərinə görə, ötən ilin əvvəlində dollar digər valyutalara qarşı daha möhkəm mövqedə olub, 2014-cü ildə isə hazırkı səviyyədən təxminən iki dəfə ucuz idi. Ekspert qeyd edib ki, 2025-ci ildə dollarla aparıcı valyutalar arasında müəyyən bərabərləşmə prosesi baş verib.
“Hazırda 15-16 faiz civarında ucuzlaşma prosesi müşahidə olunur. Bu, ümumi olaraq dolların zəifləməsi və ya ABŞ iqtisadiyyatında hansısa tənəzzülün baş verməsi ilə bağlı deyil. Həmçinin makroiqtisadi səviyyədə ciddi bir natarazlıqdan söhbət getmir. Bu, sadəcə maliyyə bazarlarında üfüqi dalğalanmadır və davamlı eniş trendinin siqnalı kimi qiymətləndirilməməlidir”, – deyə o vurğulayıb.