Elektron çıxarışların tətbiqinə başlanılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ layihəsi olan elektron çıxarışların tətbiqinə başlanılıb. Bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı imzalanıb.

Bu dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı yaradılıb. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Həmçinin, əmlak sahibi müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilir. Odur ki, müasir yanaşmaların tətbiq edildiyi bu sistem vasitəsilə vətəndaş daha operativ şəkildə çıxarışına sahib olur.

Qanuna edilmiş dəyişikliyin əsas məqsədi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və opitmallığı artırmaqdır. Artıq çıxarışları, eləcədə digər arayışları hətta xarici ölkələrdə olduqda da almaq mümkün olacaq. Bu rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı prosesi vətəndaşdan hüquq müəyyən edici sənədlərin və ərizənin qəbul edilməsi, qeydiyyatın icrası və sənədlərin emalı, nəhayət hazır sənədlərin vətəndaşlara verilməsi kimi üç mərhələdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır