Elektron qaimə necə ləğv edilməlidir?

Vergilər Nazirliyi öz rəsmi saytında elektron qaimənin necə ləğv edilməsi haqqında məlumat verib.

Məlumata görə, elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildikdə, elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat vergi ödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir.

Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

Satıcı vergi ödəyicisi göndərdiyi istənilən e-qaimə-fakturanı ləğv edə bilər. Bunun üçün o, “Göndərdiklərim” qovluğundakı ləğv etmək istədiyi e-qaimə-fakturanın üzərinə 2 dəfə klik edir. Sonra açılan pəncərədə “Qaiməni ləğv et” düyməsini sıxır və əməliyyatı təsdiqləmək üçün ləğvetmə səbəbini daxil edir və Qəbul düyməsini basır. Sonda əməliyyat, gücləndirilmiş elektron imza vasitəsilə təsdiqlənir.

Nəticədə, e-qaimə-faktura ləğv edilir, onun vəziyyəti həm Satıcı, həm də Alıcı tərəfdə (onun “Gələnlər” qovluğunda) “Ləğv olunub” kimi əks olunur və sətrin rəngi qırmızıya çevrilir.

Qeyd edək ki, bu barədə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır