Elman Sadıqov: “Neft qiymətlərində ehtimal olunan volatillik əsas makroiqtisadi risklərdən biridir”

1. Növbəti il üçün  hansı məzənnə riskləri  və makroiqtisadi təhlükələr  gözlənilir?

Növbəti il üçün gözlənilən risklərə qlobal iqtisadiyyatda və ölkəmizin yerləşdiyi regionda baş verə bilcək hadisələri göstəmək olar: inkişaf etmiş ölkələrin iqtisadiyyatlarındakı artımın zəifləməsi, resesiya gözləntiləri, ABŞ-Çin, ABŞ-Avropa İttifaqı, Yapo-niya-Cənubi Koreya ticarət müharibə-ləri, qonşu ölkələrin valyutalarının kursunda gözlənilən volatillik və s.

Bunlarla yanaşı neftə olan tələbin aşağı düşəcəyi proqnozları fonunda neft qiymətlərində ehtimal olunan volatillik əsas makroiqtisadi risklərdən biridir. Nəzərə alaq ki, 2020-ci ilin büdcəsi artsa da, neftin qiyməti 55 dollar olaraq nəzərə alınmışdır. Əgər biz ilbəil neftin qiymətini tədricən azaldaraq, büdcə siyasətimizdə də paralel olaraq təkmilləşmələr və artımlara nail olsaq, bu son nəticədə büdcə gəlirlərində neftin payının azalması ilə nəticələnər. Ticarət balansında isə qeyri-neft sektorunun ixracının artması prioritet məsələ olaraq qalacaqdır ki, zənnimcə bank sektoru üçün də bu sahə daha rentabelli və cəlbedici olacaqdır.

Digər önəmli məsələlərdən biri də bank-real sektor münasibətlərinin daha da genişləndirilməsidir ki, zənnimcə burada real sektorun da üzərinə ciddi vəzifələr düşür. Real sektor özünün hesabatlılıq, biznesə yanaşma, banka təqdim olunan layihələrinin əsaslan-dırılması və şəffaflığının təmini istiqa-mətində təkmilləşmə işləri aparmalı, bu istiqamətlərdə yanaşma tərzlərini dəyişməlidirlər. Belə olarsa, banklar daha əsaslandırılmış və riskləri yumşaldılmış kreditlər verə bilər. Bu da öz növbəsində gələcəkdə problemli kreditlərin nəinki artması, hətta tədricən azalması ehtimallarını gücləndirmiş olar. Əsas makroiqtisadi risklərdən biri də məhz real sektorun bu qeyd edilən məsələlər üzrə özünün təkmilləşdirmə-məsidir.

 2. Bank  sektoruna  yeni  daxil olan texnologiyalar  sektor  üçün  hansı  təhlükələri  yaradır və bunun qarşısını hansı tədbirlərlə almaq mümkündür?

Çox aktual, lakin spesifik və geniş texniki cavab tələb edən sualdır. Qısaca belə deyək ki, bu məsələdə ən böyük risk texnoloji inkişafın maliyyə sahəsinə təsirinin böyüməsi və iqtisadi inkişaf templərindən daha sürətli olmasıdır. Banklar həm texnologiya sahəsinə yüksək investisiyalar, həm də həmin texnoloji inkişafın gətirdiyi riskləri yumşaltmaq üçün görülməli tədbirlərə investisiyalar qoymaq məcburiyyətin-dədirlər. Bütün bu xərclərin özünü doğrultması, bu kimi layihələrin rentabelli olması üçün kəmiyyət etibarilə daha çox sayda və keyfiyyət etibarilə daha az riskli müştəri bazasına ehtiyac da artır. Xüsusilə, informasiya texnologiyaları sahələrində bir çox risklərin yumşaldılması üçün spesifik tədbirlər mövcuddur. Təəssüf ki, banklar bu tədbirləri (bir çox hallarda bu tədbirlər yüksək xərcli olmasa da) görmədikləri üçün böyük maliyyətli risklərə məruz qalırlar. Burada daxili saxtakarlıqdan daha çox xarici müdaxilələri nəzərdə tuturam. Burada görülməli, lakin faktiki olaraq görül-məyən bir çox tədbirlər mövcuddur.

3. Biznes subyektlərinin borc yükünün yenidən qruplaşdırılması üçün banklar hazırda restrukturizasiyanı hansı səviyyədə aparırlar və cari dövlət dəstəyinə ehtiyac var mı?

Cənab Prezidentin 28 fevral, 2019-cu il tarixli “Azərbaycan Respublika-sında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı çərçivəsində restrukturizasiya davam edir. Hələ bu restrukturizasiyanın nəticələri haqqında danışmağın tez olduğunu düşünürəm. Bu Fərmanın əhatə dairəsinə düşməyən kreditlərin restrukturizasiyaları isə hər bir bankın siyasətindən, peşəkar yanaşma tərzindən, müştəri seqment-lərindən və digər amillərdən asılıdır. Restrukturizasiya üçün də bir çox variantlar mövcuddur. Hər bir variantın tətbiqi isə hər bir müştərinin gəliri, vəziyyəti, o cümlədən kreditin səviyyəsindən asılıdır. Lakin burada bütün məsələlərin təkcə bankların daxili potensialı hesabına həll olunması mümkünlüyünü düşünmək sadəlövhlük olardı. Dünya təcrübəsində, xüsusilə böhranlar zamanı və sonra dövlət tərəfindən maliyyə sektoruna müxtəlif proqramlar çərçivəsində yardımlar olur. Bu yardımlar uzunmüddətli, aşağı faizli borclar qismində də ola bilər, dotasiya qismində də. Biz bunu az öncə qeyd etdiyimiz Fərman çərçivəsində də müşahidə etdik. Lakin, 10.000 dollar və 17.000 manat məbləğindən artıq kreditlər üçün də fərqli mexanizmlərin tətbiqinə zənnimcə ehtiyac vardır. Müxtəlif mexanizmlərin tətbiqi mümkündür. İri kreditlər üçün tələb olunan məbləğlər yüksək olduğu üçün zənnimcə burada dövlət zərərə məruz qalmamaq üçün uzunmüddətli kreditlər ayırmaq və nəzarət mexanizmi tətbiq etməklə ciddi müsbət nəticələrə nail olar. Maliyyə Nazirliyinə verilmiş əlavə səlahiyyətlər təqdirəlayiqdir. Burada Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəlik-lərinin İdarə Edilməsi Agentliyinin yaradılmasını nəzərdə tuturam. Burada əsas məsələlərdən biri də bu səlahiyyətlərdən bank sektoru ilə bağlı məsələlərdə səmərəli şəkildə istifadə-dədir.

4. Bank sektorunun inkişaf perspektivlərini nədə görürsünüz?

Birincisi, bütün risklərin kökündə imic riski dayanır. Bank sektorunun imic-reputasiya riskinin yumşaldılması üçün həm sektorun özü, həm də ictimaiyyət tərəfindən yanaşma dəyişməlidir. İkincisi, sektorda bütün banklar inkişaf istiqamətlərini eyni görürlər. Tam olmasa da, müəyyən səviyyədə ixtisaslaşma, müəyyən sektorlar üzrə daha peşəkar yanaşmalar tətbiq edən bankların formalaşmasına ehtiyac vardır. Üçüncüsü, bank sektorunda konsentrasiya meylləri yenidən güclənə və fəsadlar törədə bilər. Dünya təcrübəsi də göstərir ki, iri bankların tez-tez qarşılaşdığı risklərdən biri də iqtisadiyyatın bu kimi bankları həzm edə bilməməsi nəticəsində həm maliyyə, həm real sektor, həm də dövlət bir çox hallarda çətin vəziyyətlə üzləşirlər. Dördüncüsü, alternativ bankçılıq, rəqəmsal bankçılıq kimi istiqamətlərin inkişaf yolları, bu sahələrdə daha səmərəli və sürətli inkişafda dövlət orqanları və real sektorun rolunun daha dərindən araşdırılması, birgə görülməli işlərlə müəyyənləşdirilərək birgə səmərəli planlar müəyyənləşdirilərək həyata keçirilməlidir. Zənnimcə, növbəti illərdə bu 4 istiqamətdə görüləcək işlər bank sektorunu formalaşdıran əsas amillər olacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır