Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol arasında görüş olub.
Görüşdə qlobal neft və qaz bazarlarındakı vəziyyət, Avropada qaza tələbat dinamikasına təsir edən faktorlar, eləcə də bərpa olunan enerji istehlakının artması və enerji təchizatında müasir tendensiyalar nəzərdən keçirilib. Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu artıq sübuta yetirdiyini vurğulayan Fatih Birol enerji təchizatında mürəkkəb vaxtlarda Avropaya qaz tədarükündə dəstəyinə görə ölkəmizə təşəkkürünü bildirib. Söhbət zamanı Avropaya qaz ixracının artırılması fossil yanacaqlara münasibət kontekstində dəyərləndirilib.
Görüşdə Azərbaycanın bərpa olunan enerji kursu, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafına dair konsepsiyası, “Xəzər-Qara dəniz-Avropa”, “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində fəaliyyətindən bəhs edilib. “Yaşıl enerji” keçidində, bərpa olunan enerji güclərinin enerji sisteminə inteqrasiyasında önəmli rol oynayan şəbəkənin gücləndirilməsini təmin edən məsələlər müzakirə edilib. Bu xüsusda, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan (HVDC) kabelləri, həmçinin enerji səmərəliliyinin artırılması üzrə fəaliyyətin dəstəklənməsinin və qlobal əməkdaşlığın vacibliyi bildirilib. COP29 çərçivəsində enerji sahəsində fəaliyyət gündəliyində olan məsələlərlə bağlı BEA ilə birgə əməkdaşlıq razılaşdırılıb.