Energetika naziri Pərviz Şahbazov 9-cu OPEC Beynəlxalq Seminarında “Neft
bazarları: enerji təhlükəsizliyi, inkişaf və rifah” mövzusunda keçirilən nazirlər
sessiyasında çıxış edib. Azərbaycanın enerji trilemmasında – təchizatın təhlükəsizliyi,
əlçatanlıq və dayanıqlılıq arasında balansın qorunmasında, xüsusilə Avropaya neft –
qaz təchizatında oynadığı rolundan danışılıb.
Azərbaycanın hazırda 20-dən çox ölkəni neft, 12 ölkəni isə qaz ilə təchiz etdiyi
vurğulanıb. Bildirilib ki, Azərbaycan qazı hazırda Gürcüstanda qaz istehlakının 78%-ni,
Bolqarıstanda 50%-dən çoxunu, Yunanıstanda 18%-ni, İtaliyada təxminən 16%-ni,
Türkiyədə isə 18,5%-ni təmin edir və hazırda Cənub Qaz Dəhlizinə üzv olmayan
ölkələrdən əlavə olaraq 14 milyard kubmetr həcmində qaz tələbi mövcuddur. Nazir
Pərviz Şahbazov deyib ki, Azərbaycanın təbii qaz potensialı Avropanın enerji
təhlükəsizliyində mühüm rol oynaya bilər, lakin bu potensialın tam reallaşması
investisiya və uzunmüddətli öhdəliklər əsasında mümkündür. Onun sözlərinə görə, yeni
yataqların işlənməsi və infrastrukturun genişləndirilməsi bu baxımdan əsas şərtlərdir.
Qeyd olunub ki, beynəlxalq tərəfdaşlarla birlikdə işlənilən 5 karbohidrogen layihəsindən
2030-cu ilə qədər əlavə neft-kondensat hasilatı gözlənilir. Həmçinin dənizdə və quruda
perspektivli strukturlar üzrə işlər aparılır.
Nazir 2050-ci ilə qədər enerji balansında neft-qazın payının 53%-dən yüksək
olmasına dair proqnozlara rəğmən ənənəvi enerji resurslarının inkişafı ilə bağlı hazırkı
məhdudiyyətlərin gələcəkdə təchizat çatışmazlığı ilə nəticələnə biləcəyini vurğulayıb:
“Neft-qazın enerji qarışığımızda əsas yer tutduğunu və bu tendensiyanın gələcəkdə də
davam edəcəyini nəzərə alaraq, bu sahəyə investisiyalar təxirə salınmamalıdır.
Davamlı enerji təchizatı sərmayə olmadan mümkün deyil. Enerji layihələrinə sərmayənin
azalması gələcəkdə tədarükdə fasilələrə və real risklərə gətirib çıxara bilər”, -deyə nazir
əlavə edib.