Energetika naziri Pərviz Şahbazov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb

Nazir ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə səfiri təbrik edib, uğurlar arzulayıb.

Görüş zamanı Pərviz Şahbazov səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. Humanitar atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə hücumları, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması və Bakı-Tbilis-Ceyhan neft kəməri və Mingəçevir Su Elektrik Stansiyası kimi strateji enerji obyektlərinin hədəfə alınması diqqətə çatdırılıb.

Nazir Yaponiyanın INPEX, ITOCHU, Mitsui, Sumitomo, TEPSCO, JOGMEC kimi şirkətləri, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), JBIC, NEXI kimi maliyyə qurumları ilə enerji sektorunda sıx əməkdaşlıq əlaqələrinin olduğunu, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Cənub Qaz Dəhlizi, Şimal-1, Şimal-2 istilik elektrik stansiyaları və digər layihələrdə Yaponiya şirkətlərinin iştirakını qeyd edərək, bu istiqamətdə gələcək iş birliyi üçün yeni perspektivlərin olduğunu bildirib. Ölkəmizdə bərpa olunan enerji sahəsində hərracların keçirilməsinin nəzərdə tutulduğu qeyd edilərək Yaponiya şirkətlərinin  iştiraka dəvət ediləcəyi bildirilib.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ölkəsinin Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edərək, bu əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır