Energetika naziri Romada nüvə enerjisi ilə bağlı planlardan danışıb

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Roma şəhərində keçirilən Dünya Termo Nüvə Enerjisi Qrupunun ilk Nazirlər İclasında çıxış edib.

Çıxışda nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində mühüm rol oynadığı qeyd edilib. Hazırda təhlükəsizlik standartlarının gücləndirilməsi, radioaktiv tullantıların düzgün idarə edilməsi, maliyyə dəstəyi və insanların bu enerji növünə olan etibarının artırılması nüvə enerjisinin inkişafı üçün zəruri çağırışlar kimi vurğulanıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nüvə enerjsinin təhlükəsiz, sülhməramlı və davamlı istifadəsi üzrə qlobal səylərinin, həmçinin bu enerji növünün bərpa olunan enerji mənbələri ilə birlikdə qlobal enerji keçidində rolunu artırmağa yönəlmiş “Atoms4NetZero” təşəbbüsünün əhəmiyyətdən bəhs edilib.

Enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın hazırda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının 35,5 faizə çatmasını və istixana qazı emissiyalarının 2,8 milyon ton azalmasını təmin edəcək meqa layihələr həyata keçirdiyi bildirilib. Bununla yanaşı, ölkəmizin Xəzər və Mərkəzi Asiyadan Avropaya uzanan “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə geniş miqyasda “yaşıl enerji keçidi”nə töhfələri diqqətə çatdırılıb. Nazir deyib ki, Azərbaycanın “yaşıl artım ölkəsi” məqsədinə sadiqliyinin təsdiqi olan COP29 Sədrliyinin prioritetləri, “yaşıl enerji” təşəbbüsləri və “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) çərçivəsində milli hədəfləri yeniləmə öhdəliyi, bütün “təmiz enerji” mənbələrindən istifadənin vacibliyini ön plana çıxarır: “Bu baxımdan hesab edirik ki,  kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisi uzunmüddətli enerji strategiyamızda enerji keçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər. Azərbaycan bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıl təcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyaların tətbiqi üçün AEBA ilə əməkdaşlığa hazırdır”.

Azərbaycan üçün 2024-2029-cu illəri əhatə edən “Ölkə üzrə Çərçivə Proqramı”nın nüvə texnologiyaları sahəsində Agentlik ilə əməkdaşlığımızın inkişafına və enerji sektoruna mühüm töhfə verəcəyi də bildirilib. O da qeyd edilib ki, Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcəkdir.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı