Energetika naziri Türkiyə ilə enerji əməkdaşlığını müzakirə edib

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Respublikasının Energetika Nazirliyində olub. Səfir Azərbaycanın energetika naziri vəzifəsinə təyin edilməsi münasibətilə Pərviz Şahbazova təbriklərini çatdırıb.

Bildirib ki, bu təyinat iki ölkə arasında enerji əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcək. Erkan Özoral Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən olan TANAP (Trans-Anadolu qaz boru kəməri) layihələri barədə regionda enerji təhlükəsizliyinə töhfə verən uğurlu əməkdaşlıq nümunələri kimi bəhs edib. Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin gələcək inkişafı istiqamətində sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Pərviz Şahbazov qeyd edib ki, həyata keçirilən enerji layihələri hər iki ölkənin regionda daha da güclənməsi, tranzit potensialının genişlənməsi baxımından çox önəmlidir. Nazir iki ölkənin iştirakı ilə həyata keçirilən enerji layihələrinə və enerji əməkdaşlığının gələcək perspektivlərinə diqqət yönəldib. Bu sahədə müasir trendlərin birgə müzakirəsi məqsədilə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrakla görüşmək arzusunda olduğunu nəzərə çatdırıb.

Görüşdə Azərbaycan – Türkiyə enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır