Energetika Nazirliyi enerji idarəçilərinin təyin edilməsinin tezləşdirilməsi ilə bağlı çağırış edir

Energetika Nazirliyi illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində, həmçinin tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisinin təyin edilməsinin sürətləndirilməsi üçün təsərrüfat subyektinin rəhbəri və qeyri-yaşayış binalarının mülkiyyətçilərinə çağırış edir.

Enerji idarəçisinin təyin edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 279.0.3. maddəsinə əsasən fiziki şəxslərə 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərə 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslərə isə 2500 manatdan 3000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Enerji idarəçisinin təyin edilməsi Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Komissiya təsərrüfat subyektinin rəhbəri və ya qeyri-yaşayış binasının mülkiyyətçisi tərəfindən 5 nəfərdən ibarət olmaqla yaradılır. Komissiyanın üzvlərindən biri Azərbaycan Respublikası Energetika Nazirliyinin nümayəndəsi olmalıdır.

Enerji idarəçisinin təyin edilməsi məqsədilə Attestasiya Komissiyasına nümayəndənin təqdim edilməsi üçün müraciətlər Energetika Nazirliyinin (012) 598-16-53/54/55 telefon nömrələri, həmçinin www.minenergy.gov.az internet səhifəsi və minenergy@minenergy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

Xatırladaq ki, enerji idarəçilərinin təyin edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və  Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 8 dekabr 2022-ci il tarixli 436 nömrəli qərarı ilə təsdiq edilmiş “Enerji idarəçisinə dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası” ilə tənzimlənir.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı