
ABŞ Federal Ehtiyat Sistemi (FED) oktyabrın 28–29-da keçirilən iclasda əsas faiz dərəcəsini 25 baza bəndi (0,25 faiz bəndi) azaldaraq 3,75–4,00% aralığına endirib.
BBN.az xəbər verir ki, bu qərar 2025-ci il ərzində FED-in ikinci faiz endirimi kimi qeydə alınıb. Eyni zamanda, qurum 1 dekabrdan etibarən balansın azaldılması proqramını dayandıracağını bəyan edib.
Qərar necə qəbul edilib?
Federal Açıq Bazar Komitəsinin (FOMC) səsverməsində qərar 10 üzvün lehinə, 2 üzvün isə əleyhinə səsi ilə qəbul olunub. Üzvlərdən Stiven Miran 50 baza bəndlik daha böyük endirimin tərəfdarı, Cefri Şmidt isə faiz dərəcəsinin dəyişməz saxlanılmasının tərəfdarı olub.
İnflyasiya və məşğulluq riskləri ön planda
Rəsmi bəyanatda qeyd olunub ki, ilin əvvəlindən inflyasiya yenidən artım meyli göstərib və hələ də nisbətən yüksək səviyyədə qalır. Eyni zamanda, əmək bazarında risklərin artdığı, işə qəbul proseslərinin isə zəiflədiyi vurğulanıb.
Pauell: “Dekabr qərarı hələlik müəyyən deyil”
Mətbuat konfransında çıxış edən FED sədri Cerom Pauell bildirib ki, növbəti iclasda faiz endiriminin davam edib-etməyəcəyi barədə qərar iqtisadi göstəricilərdən asılı olacaq: “İqtisadi məlumatları və inflyasiya trendlərini yaxından izləyirik. Dekabr toplantısında əlavə faiz endirimi ilə bağlı qərar vermək üçün hələ tezdir.”
Analitiklərin rəyi
İqtisadçılar hesab edirlər ki, bu qərar bazar gözləntilərinə tam uyğun olub, lakin Pauellin ehtiyatlı açıqlamaları FED-in gələcək pul siyasətinə dair qeyri-müəyyənliyi artırıb.







