İyun ayında bir sıra məhsul və xidmətlər üzrə qiymətlərin artması ABŞ-da inflyasiyanın yüksəlməsinə səbəb olub. Qiymət artımları əsasən qəhvə, audio avadanlıqlar və mebel kimi mallarda müşahidə edilib.
BBN.az bu barədə Reuters-ə istinadən xəbər verir.
İqtisadçılar bu artımları ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi artan idxal tariflərinin istehlakçılara ötürülməsinin nəticəsi kimi qiymətləndirirlər.Ümumilikdə, istehlak qiymətləri iyun ayında 0,3% artaraq illik hesablamada təxminən 3,5%-lik artım tempi nümayiş etdirib. May ayında isə bu göstərici 0,1% olmuşdu.
İqtisadçılar və Federal Ehtiyat Sistemi (FED) rəsmiləri yay aylarında inflyasiyanın sürətlənəcəyini gözləyirdilər. Bu, əsasən tariflərin gecikmiş təsirləri ilə izah olunur. İyun ayının göstəriciləri isə FED-in yaxın müddətdə faiz dərəcələrini azaltmaq qərarından çəkinəcəyini göstərir və əlavə məlumatların gözləniləcəyini deməyə əsas verir.
Qeyd edilir ki, tarif şokları nəticə etibarilə müvəqqəti və bir dəfəlik düzəlişlər ola bilər. Lakin Prezident Tramp tərəfindən yeni tarif səviyyələrinin avqustun 1-dən etibarən qüvvəyə minməsi ehtimalı nəzərə alındıqda, inflyasiya proqnozları qeyri-müəyyən olaraq qalır.
“Bu gün açıqlanan hesabat göstərir ki, tariflər artıq təsirini göstərməyə başlayıb. Geyim qiymətləri artıb, mebel qiymətləri kəskin yüksəlib, istirahət və əyləncə mallarında da artım müşahidə olunub”, — deyə Inflation Insights analitik şirkətinin rəhbəri Omair Şərif bildirib.
Ən çox artım müşahidə edilən məhsullar əsasən idxal olunan kateqoriyalara aiddir. Məsələn, audio-video avadanlıqların qiyməti iyun ayında 1,1% artıb və illik müqayisədə 11,1% yüksələrək rekord səviyyəyə çatıb. Halbuki bu kateqoriyada əvvəlki illərdə qlobal tədarük zəncirlərinin təsiri ilə qiymətlər sabit və ya azalan templə gedirdi.