Fermer kooperativlərinin yaradılması ilə bağlı təlimlərə start verilib

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin əsas fəaliyyət istiqamətlərindən biri də kənd təsərrüfatı ilə məşğul olan fermerlərin müxtəlif mövzularda maarifləndirmə işlərinin həyata keçirilməsidir. Fermer kooperativlərinin yaradılması kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların bir araya gələrək daha effektiv fəaliyyət göstərə bilməsi, məhsuldarlığın artırılması, planlı təsərrüfatla məşğul olması baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən fəaliyyət istiqamətinə uyğun olaraq fermerlərin maarifləndirilməsi təlimlərinə start verilib.

İlk təlim Ağcabədi fermerlərinin iştirakı ilə keçirilib. Əvvəlcə fermerlərə Cəmiyyətin məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib, kooperativin ali idarəetmə orqanı olan ümumi yığıncağın formalaşdırılması, kooperativin üzvlüyünə qəbul və üzvlükdən çıxması, üzvlərə veriləcək ödənişlər, üzvlərin siyahısının rəsmiləşdirilməsi qaydaları izah olunub.

Bildirilib ki, kooperativlərin yaranması nəticəsində fermerlər istehsal ehtiyatlarını bir araya gətirəcək, texnikadan səmərəli istifadə edəcək, bununla da kooperasiya üzvü olan fermerlərin xərcləri azalacaq. Eyni zamanda, növbəli əkinin düzgün qurulması sayəsində daha çox və keyfiyyətli məhsul əldə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır