Fermer təsərrüfatlarında qeydiyyat xidməti göstərilib

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərini daha əlçatan etmək üçün sosial kampaniyalarını müxtəlif formatda keçirir. Komitə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində avqustun 9-da Yevlax rayonunun Qoyunbinəsi kəndində səyyar qeydiyyat xidmətləri göstərib, elektron çıxarışın hazırlanması üçün əmlaklara dair ilkin sənədlər yerindəcə toplanıb. Bu dəfə fərqli addım atılaraq mobil qeydiyyat ofisləri birbaşa olaraq kəndli fermer təsərrüfatlarında olub.

Bu kənddə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan 70-ə yaxın sakindən ilkin sənədlər iş başındaca toplanıb. Bunlardan 35-i kənd təsərrüfatı sahələrinə, 25-i fərdi yaşayış evlərinə, 10-u isə həyətyanı sahələrə aid olub.

Kəndlinin  əmlaklarına dair sənədləri elə iş başındaca, heç bir yerə getmədən daha rahat təqdim etməsi qeydiyyat xidmətlərinin sadələşməsindən, vətəndaşa daha yaxın olmasından irəli gəlir. Bu kampaniya vətəndaşların vaxtını sərf edərək, uzun məsafə qət etməklə rayon mərkəzlərinə, aidiyyəti qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmasına imkan verir.

Qeyd edilməlidir ki, mobil qeydiyyat ofisləri vasitəsilə cari ilin 6 ayı ərzində 40 minə yaxın vətəndaşa xidmət göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır