“FES”-də fikir ayrılığı

ABŞ Mərkəzi Bankı Fedin pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) İyunun 14-15-də keçirilmiş iclasına dair protokollar dərc olunub.

FOMC üzvlərinin siyasət faizini yekdilliklə sabit saxlamaq qərarı verdiyi toplantının protokollarına görə, üzvlər gələcəkdə faiz artırmaq məsələsində həmfikir ola bilməyiblər.

İngiltərədəki Avropa Birliyi referendumundan səkkiz gün əvvəl bitən toplantının protokollarında, bu ifadələrə yer verilib:

“Üzvlərin çoxu, ciddi iqtisadi və maliyyə şokları baş verməməsi və açıqlanacaq statistik məlumatların inkişafın toparlandığını, məşğulluğun tam məşğulluq hədəfinə doğru irəliləyişi davam etdirəcək sürətdə artdığını və inflyasiyanın orta müddətdə 2 faiz hədəfinə çatacağını təsdiq etməsi vəziyyətində faiz artırımına gedilməsinin məqsədəuyğun olacağını proqnozlaşdırdı”.

Buna qarşı, ölkədəki məşğulluq artımının mayda son 6 ilin ən aşağı səviyyəsinə geriləməsinin iqtisadiyyata yönələn qeyri-müəyyənliyi artırdığı vurğulanan protokollar, bəzi üzvlərin ABŞ iqtisadiyyatı haqqında şübhələri olduğunu ortaya qoyub.

Protokollarda, bunlar qeyd olunub:

“Bəzi üzvlər, iqtisadi şərtlərin yaxın perspektivdə faiz artırımına yol verəcəyindən əmin deyildilər. Bu üzvlərdən bir neçəsi iqtisadiyyata və məşğulluğa qarşı  risklər olduğunu, eyni zamanda potensial qlobal iqtisadi və maliyyə şoklarına işarə ediblər. Bundan başqa bəzi üzvlər, inflyasiyadakı azalmaların ekspansionist pul siyasətinin daha bir müddət davam etdirilməsini tələb etdiyini müdafiə ediblər”.

Faizin artırılmasını dəstəkləyən “şahin” FOMC üzvləri isə faizi yenidən artırmaq üçün həddindən artıq uzun müddət gözlənilməsinin mərhələli fair artırmağı çətinə salacağını bildiriblər.

Üzvlər arasındakı fikir ayrılıqlarını açıq şəkildə əks etdirən protokolları, qlobal bazarlar faiz artımını təxirə salmaq istəyən “göyərçin” üzvlərin səsini ucaltdığı şəklində qiymətləndirib.

Mənbə: marja.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır