“Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Mərkəzi Bankda tələbələr üçün seminar keçirilib

Mərkəzi Bankda “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın artırılması məqsədi ilə Bakı Dövlət Universitetinin və İqtisad Universitetinin tələbələri üçün seminar keçirilib. Seminarın mövzusu rəqəmsal ödənişlər sahəsində Avropa təcrübəsi və fintexlərin maliyyə bazarlarında rolunun iştirakçılara çatdırılması olmuşdur. Seminarda rəqəmsal bankçılıq və elektron ticarətdə çoxillik təcrübəyə malik və eyni zamanda, Avropanın aparıcı “Paysera” elektron pul təşkilatının təsisçisi və icraçı direktoru Kostas Noreika öz zəngin təcrübəsini iqtisadiyyat və İT yönümlü ixtisaslar üzrə tədris alan tələbələrlə bölüşmüşdür.

Seminar iştirakçılarına iqtisadiyyat və maliyyə xidmətlərinin rəqəmsallaşması, innovativ ödəniş xidmətlərinin tətbiqinin genişləndirilməsi, habelə rəqəmsal ödənişlərin inkişaf istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, maliyyə texnologiyaları – fintexlərin əhəmiyyəti vurğulanmış və müasir şəraitdə banklar və fintexlərin qarşılıqlı əməkdaşlıq məsələləri barədə məlumat verilmişdir. Maliyyə xidmətlərini müasir texnologiya ilə birləşdirərək istifadəçilərə optimal həll üsulları təklif edən, sürətlə innovativ xidmətlərin təchizatçılarına çevrilən fintexlərin maliyyə sektoru üçün önəmi seminar iştirakçılarının diqqərinə çatdırılmışdır.

Seminarda həmçinin ölkəmizdə rəqəmsal ödənişlərin inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən layihələr haqqında ümumi məlumat verilmiş və nağdsız ödənişlərin ölkə iqtisadiyyatı üçün əsas faydaları açıqlanmışdır.

Qeyd edək ki, Mərkəzi Bank Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji hədəflərinə uyğun olaraq innovativ ödəniş xidmətlərinə müxtəlif hədəf qrupları arasında məlumatlığın artırılması məqsədilə bu kimi digər tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır