“FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti” öz işinə başlayıb

16 may 2019-cu il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili, Kommunikasiya Mərkəzinin dəstəyi ilə “FINTEX SAMMİT – Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı Sammit öz işinə başlayıb.

İki gün keçiriləcək Sammitdə  aidiyyəti dövlət qurumları, banklar və ödəniş ekosistemində təmsil olunan təşkilatlarla yanaşı, beynəlxalq maliyyə institutlarının, yerli və xarici ictimai təşkilatların, habelə xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin iştirak edəcəyi bu tədbirdə Ameriak Birləşmiş Ştatları, Yaponiya, Çin, Hindistan, Avropa Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.

Sammiti  giriş sözü ilə, Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə açıq elan edib.

Daha sonra, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri v.i.e. İbrahim Alışov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Avropa Banklar Federasiyasının baş icraçı direktoru Vim Mijs və VİSA şirkətində vitse-prezident, MDB və Cənub-Şərqi Avropa regionunda həllər üzrə rəhbər Kristina Doros çıxış ediblər.

Sammit dörd Paneldən ibarət olmaqla, “Ənənəvi və yeni texnologiyalar: bankçılığın dəyişən siması – fintexlərin rolu”, “Ödəniş ekosistemi: yeni iştirakçılar, yeni həllər”, “Təhlükəsizlik və risklər” və “Vaxtı keçmiş borcların geri alınmasının müasir texnologiyaları” mözvularını əhatə edəcək. İştirakçılar və spikerlər arasında Avropa Banklar Federasiyası, Rusiya Mərkəzi Bankı, Beynəlxalq Maliyyə Telekommunikasiya Mərkəzi (SWIFT), “TEB – BNP Paribas” və digər nəhəng banklar, “Visa Inc.”, “MasterCard Worldwide” və “American Express” beynəlxalq kart təşkilatları, eləcə də “Ernst & Young”, “Deloitte”, “Moody’s Investors Service”, “PricewaterhouseCoopers LLP”, “KPMG” “Yandex.Money”, “Türkiyənin “Banklararası Kart Mərkəzi”, “RBK Money”, “QİWI”, “Maliyyə Texnologiyaları Mərkəzi (CFT Qrup)”, “Group-IB”, “Compassplus” və ödəniş ekosistemində təmsil olunan digər nüfuzlu şirkətlərin nümayəndələri iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır