BBN.az xəbər verir ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ildə qlobal neft bazarında profisit vəziyyətinin davam edəcəyini və bunun neft qiymətlərinə aşağı yönlü təzyiq göstərəcəyini proqnozlaşdırır.
Agentliyin qiymətləndirməsinə əsasən, 2026-cı ildə Brent markalı neftin orta qiyməti 63 ABŞ dolları/barel səviyyəsinə enə bilər. Müqayisə üçün, 2025-ci il üzrə orta qiymət proqnozu 69 dollar/barel təşkil edir.
“Fitch” qeyd edir ki, 2025-ci ildə qlobal neft hasilatı əhəmiyyətli dərəcədə artıb və bu artımın 2026-cı ildə də davam edəcəyi gözlənilir. Həm OPEC+ ölkələrində, həm də kartelə daxil olmayan istehsalçılarda neft hasilatının tələbdən daha sürətlə artdığı bildirilir.
Agentliyin məlumatına görə, neftə tələbin artım tempinin zəifləməsi qlobal iqtisadi artımın yavaşlaması, enerji səmərəliliyinin yüksəlməsi, elektrikli avtomobillərin payının artması və petrokimya sektorunda müşahidə olunan zəifliklə bağlıdır.
Bundan əlavə, 2025-ci ilin sonlarına doğru bazarda formalaşan artıq neft ehtiyatlarının 2026-cı ildə anbarlara daxil olacağı gözlənilir. Xüsusilə ABŞ və Avropa kimi iri bazarlarda ehtiyatların artması qiymətlərin daha da azalmasına səbəb ola bilər.
“Fitch”in qiymətləndirməsinə görə, mövcud şəraitdə neft bazarında profisit qalacaq ki, bu da neft şirkətlərini xərcləri azaltmağa və investisiya qərarlarını daha ehtiyatlı şəkildə planlaşdırmağa məcbur edəcək.