Fitch Ratings beynəlxalq reytinq agentliyi hesab edir ki, yaxın perspektivdə islam maliyyəsinin Azərbaycan banklarının klassik fondlaşdırma modellərinə təsiri cüzi olaraq qalacaq.
Bu barədə “Report”a “Fitch Ratings”in Baş direktoru Olqa İqnatyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ildən etibarən ölkədə islam bankçılığı məhsullarının tətbiqinə başlamağı planlaşdırır. İlkin mərhələdə zəruri qanunvericilik və tənzimləmə islahatlarının hazırlanması ilə yanaşı, fəaliyyət göstərən kommersiya banklarında “islam pəncərələri” formatından istifadə nəzərdə tutulur.
O.İqnatyevanın qiymətləndirməsinə görə, bu cür mərhələli və ölçülmüş yanaşma bazarda real tələbi yoxlamağa və islam maliyyəsi prinsiplərinə uyğun məhsullar barədə məlumatlılığı artırmağa imkan verəcək.
Baş direktor bildirib ki, uğurun əsas şərtləri tənzimləmə aydınlığı və bazar iştirakçılarının maarifləndirilməsi olacaq. Onun sözlərinə görə, şəriət normaları üzrə hərtərəfli idarəetmə, nəzarət orqanlarının dəqiq tövsiyələri, eləcə də əlverişli hüquqi və vergi bazası bu seqmentin inkişafı, investor etimadı və maliyyə sabitliyi üçün mühüm rol oynayacaq. Həmçinin məhsulların düzgün strukturlaşdırılması, məlumatların şəffaf açıqlanması və müştərilərlə aktiv iş islam maliyyəsinə etimadın formalaşmasına kömək edə bilər.
O.İqnatyeva qeyd edib ki, praktiki tətbiq əməliyyat baxımından mürəkkəb və resurs tutumlu ola bilər. Belə ki, banklar idarəetmə, risk-menecment və komplayens prosedurlarını yenidən qurmalı, informasiya sistemlərini və hesabatlılığı modernləşdirməli, həmçinin şəriət tələblərini yerinə yetirmək üçün daxili bacarıqları gücləndirməli və əməkdaşların hazırlığını təmin etməlidirlər.
“Ümumilikdə, ‘İslam pəncərələri’ məhsul təklifini genişləndirə və zamanla fondlaşdırmanın şaxələndirilməsini dəstəkləyə bilər. Lakin biz yaxın perspektivdə bankların ənənəvi fondlaşdırma profillərinə yalnız tədricən və məhdud təsir gözləyirik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı ölkədə islam bankçılığı məhsullarının tətbiqi üçün “İslam pəncərəsi” modelinin işə salınması üzrə yol xəritəsi hazırlayıb. İslam maliyyələşməsi vəsaitlərin cəlb edilməsi üçün alternativ mexanizm kimi qiymətləndirilir və AMB-nin strateji prioritetləri sırasına daxildir.
Hazırlıq mərhələsində beynəlxalq təcrübə təhlil olunub və Azərbaycan üçün optimal tətbiq formatı seçilib. İlkin mərhələdə müstəqil mütəxəssislər “İslam pəncərəsi” formatında tətbiq ediləcək islam maliyyələşməsi məhsullarının siyahısını müəyyənləşdirəcək, daha sonra isə peşəkar maliyyə assosiasiyaları və beynəlxalq ekspertlərlə məsləhətləşmələr əsasında hazırlanmış baza alətləri tətbiq olunacaq.