Azərbaycan yüksək maliyyə çevikliyinə və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş normativ-hüquqi bazaya malik olsa da, bu istiqamətdə hələ görülməli işlər qalmaqdadır.
Bu barədə Arvind Ramakrishnan, Fitch Ratings beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru məlumat verib.
Onun sözlərinə görə, bəzi institusional mandatlar üzrə, xüsusilə də Azərbaycan Dövlət Neft Fondu ilə Mərkəzi Bank arasında səlahiyyətlərin bölüşdürülməsi məsələsində hələ də qeyri-müəyyənlik mövcuddur. Bu amil Fitch Ratings tərəfindən Azərbaycanın suveren reytinqinin makroiqtisadi blok üzrə bir pillə aşağı qiymətləndirilməsinə səbəb olub. Sözügedən qərar dövlət maliyyəsi və xarici maliyyə göstəriciləri üzrə mövcud iki müsbət pilləni tarazlaşdırır.
A.Ramakrişnan vurğulayıb ki, dövlət borcunun son dərəcə aşağı səviyyədə olması Azərbaycanın suveren reytinqinin ən güclü tərəflərindən biridir.
“İqtisadiyyat şaxələndirmə yolu ilə inkişaf edir, lakin qarşıda hələ də geniş islahat ehtiyacı qalır. Dövlət idarəçiliyinin keyfiyyətinə gəldikdə isə, bu göstərici ‘BBB’ kateqoriyalı ölkələrlə müqayisədə daha zəifdir. Bununla belə, son bir neçə il ərzində bu sahədə müsbət irəliləyiş müşahidə olunub”, – deyə o əlavə edib.