İranla münaqişə qısamüddətli olarsa və neft hasilatı və nəqli infrastrukturlarına ciddi ziyan dəyməzsə, qlobal sığorta sektoru üçün bu münaqişənin reytinq nəticələri məhdud olacaq.
BBN.az bu barədə “Fitch Ratings” benyəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
“Mövcud reytinqlər çərçivəsində sığortaçıların mənfəətinə təsir idarəolunan olacaq, çünki hərbi risklər, bir qayda olaraq, yalnız bəzi dar ixtisaslaşmış seqmentlər istisna olmaqla, sığorta təminatına daxil edilmir. Lakin münaqişənin miqyası və müddəti artarsa, daha uzunmüddətli iqtisadi və maliyyə volatilliyi zərərlərin dəyərinin artması, aktivlərin qiymətinin azalması və defoltların çoxalması vasitəsilə dolayı təsir göstərə bilər”, – deyə bildirilib.
Qeyd olunur ki, London bazarı və qlobal ixtisaslaşmış sığortaçılar münaqişə risklərinə daha birbaşa məruz qalır. Bu, onların dəniz və aviasiya daşımalarında hərbi risklərin, siyasi zorakılığın, ticarət kreditlərinin və enerji layihələrinin sığortası ilə bağlı olması ilə izah olunur:
“Biz əmlaka dəyən zərər, biznes fasilələri və ya kiberrisklər üzrə əhəmiyyətli sığorta ödənişləri gözləmirik, çünki belə sığorta siyasətləri adətən hərbi əməliyyatları istisna edir”.
Məlumata görə, son hadisələr qiymətlərin kəskin şəkildə yenidən qiymətləndirilməsi səbəbindən sığorta tutumunun azalmasına gətirib çıxarıb və hərbi risklər bazarında korrelyasiyalı zərərlər riskini artırıb:
“2026-cı ilin birinci rübündə əks olunan ilkin ödənişlər mənfəətə təsir barədə təsəvvür yaradacaq. Lakin 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin eskalasiyasından sonra olduğu kimi, əksər sığortaçılar üçün bu təsirin məhdud olacağını gözləyirik”.
Agentlik hesab edir ki, münaqişənin dolayı, ikinci dərəcəli nəticələri reytinqlərə birbaşa sığorta və təkrarsığorta zərərlərindən daha çox təsir göstərə bilər:
“Reytinqlərə təsir həmçinin sığortaçıların asılı olduğu suveren və ya bank reytinqlərində mümkün dəyişikliklərlə bağlı ola bilər. Belə təsirlər “Fitch Ratings”in baza ssenarisində nəzərdə tutulduğundan daha uzunmüddətli və ya dağıdıcı münaqişə halında daha çox ehtimal olunur”.
““Lloyd’s of London” bazarında Birləşmiş Hərbi Komitənin siyahısına daxil edilən ərazilərdən – məsələn, Hörmüz boağzasından keçid zamanı hərbi risklərin sığortası məcburidir. Dəniz və aviasiya daşımaları üzrə hərbi risk sığortası ya qısa müddətdə ləğv olunub, ya da xeyli yüksək tariflərlə yenidən qiymətləndirilib. Hörmüz boğazından keçən gəmilər üçün dəniz hərbi risk sığortası üzrə mükafatlar volatilliyini qoruyur və gəminin sığorta dəyərinin adi 0,25%-i ilə müqayisədə 20 dəfəyədək artıb. Aviasiya üzrə hərbi müddəalar donanmaya dəyən ziyanı və müsadirəni əhatə etsə də, fəaliyyət fasilələrini əhatə etmir”, – deyə agentlik qeyd edir.
Vurğulanır ki, hazırda Fars körfəzi və ona bitişik sularda ümumi korpus dəyəri 25 milyard ABŞ dollarından artıq olan təxminən 1 000 gəmi mövcuddur:
“Bir gəminin məhv edilməsi üzrə ümumi sığorta zərəri onun növü və yükündən asılı olaraq yüz milyonlarla dollara çata bilər. Dəniz məsuliyyət sığortası həmçinin böyük neft sızması halında çirklənmə riskini də əhatə edir. Adətən bu risklər bir hadisə üzrə 500 milyon dollarla məhdudlaşır. Hörmüz boğazı ətrafında gəmilərin çoxluğu səbəbindən yığılmış zərərlər riski yüksək olaraq qalır”.
Əmlak sığortasına tez-tez daxil edilən siyasi zorakılıq və terrorizm risklərinin də münaqişə nəticəsində aktivləşə biləcəyi qeyd olunur:
“Təsir səviyyəsi qeyri-müəyyəndir, lakin bu, Fars Körfəzi Ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələrində , o cümlədən əvvəllər təhlükəsiz hesab edilən data mərkəzləri və digər infrastrukturda zərərlərə səbəb ola bilər. Hazırda zərərlərin məhdud olduğu qiymətləndirilir, lakin əsas infrastruktura yönəlmiş əlavə zərbələr əhəmiyyətli risk olaraq qalır”.
Qeyd edilir ki, Fars körfəzi ölkələrinin sığortaçıları əsasən təkrarsığorta ilə təmin olunub, lakin qlobal təkrarsığortaçılar regiondakı mövcudluğunu azaldıb. Şaxələndirilmiş təkrarsığorta qrupları üçün cari münaqişə ixtisaslaşmış seqmentlər vasitəsilə mənfəətə təsir edən amil kimi qiymətləndirilir. Bununla belə, korrelyasiyalı zərərlər riski mənfəət volatilliyini artıra və uzanan münaqişə və ya qlobal iqtisadiyyat və maliyyə bazarları üçün daha sistemli şok halında kapitala təzyiq göstərə bilər.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.