Gəncə şəhərində “İnvestisiya səyahəti” tədbiri təşkil olunub

Mərkəzi Bank, Bakı Fond Birjası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və investisiya şirkətlərinin iştirakı ilə Gəncə şəhərində “İnvestisiya səyahəti tədbiri təşkil olunub. Azərbaycan Texnolgiya Universitetində keçirilmiş tədbirdə regionda fəaliyyət göstərən biznes subyektləri kapital bazarı və Bakı Fond Birjasında listinqin üstünlükləri barədə məlumatlandırılıb. Tədbirdə qiymətli kağızlar bazarına dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və biznes ictimaiyyətinin diqqətinin kapital bazarına yönəldilməsi istiqamətində təqdimatlar keçirilib, kapital bazarlarından yararlanmaq istiqamətində qarşılıqlı interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Həmçinin, tədbir çərçivəsində investisiya şirkətləri tərəfindən kapital bazarı vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilib, onların maliyyələşmə imkanları dəyərləndirilib.

Qeyd edək ki, bu, sayca dördüncü belə tədbirdir. Bundan əvvəl “İnvestisiya səyahəti” tədbiri Xaçmaz, Lənkəran və Yevlax şəhərlərində təşkil olunub. Mütəmadi olaraq təşkil olunan investisiya səyahəti tədbirlərinin məqsədi regionlarda fəaliyyət göstərən biznes subyektlərini alternativ maliyyələşmə mənbəyi olan qiymətli kağızlar bazarı barədə məlumatlandırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır