“Huawei” mobil cüzdandan sonra ödəniş kartını da istifadəyə verib

Çinin dünyaca məşhur texnologiya şirkətlərindən olan “Huawei Technologies” öz rəqibləri ilə rəqabətdə güclənib. Şirkətin mobil cüzdan tətbiqetməsi “Huawei Pay” 2019-cu ildə Rusiya Federasiyasından sonra, cari ilin aprel ayının əvvəllərində Sinqapurda da istifadəyə verilib. “Huawei Pay” xidməti “UnionPay” kart sxeması vasitəsilə istifadəyə verildiyindən və Sinqapurda ticarət məkanlarının əksəriyyəti “UnionPay” kartlarını dəstəklədiyindən yeni xidmət ölkədə çox qısa müddətdə böyük rəğbət toplayıb. Şirkətin Sinqapurdakı rəsmi bank tərəfdaşı ICBC Sinqapurdur.

Bununla yanaşı, “Huawei” şirkəti bugün keçirdiyi P40 modeli təqdimatında özünün yeni “Huawei Card” ödəniş kartını tanıdıb. Əsas rəqibi “Apple Card” kimi “Huawei Card” da həm fiziki, həm də rəqəmsal ödəniş kartıdır. Çinin “UnionPay” şirkəti tərəfindən dəstəklənən bu məhsul ənənəvi ödəniş üsulu ilə yanaşı, NFC və QR kodlar vasitəsilə ödənişi də dəstəkləyir. Şirkət yeni kartın istifadəçilərindən ilk iki il üçün rüsum ödənişi almayacağını, kartın “Huawei Pay” tətbiqetməsi ilə inteqrasiyasının həyata keçirildiyi halda isə bu müddətin dörd ilə uzadılacağını açıqlayıb. “Apple Card” ödəniş kartının bazar payını ələ keçirə bilmək üçün müəyyən ödəmə dövriyyəsinə malik olan “Huawei Card” istifadəçilərinə vağzal və aeroportlarda bir sıra premium xidmətlər, güzəştlər və keşbek xidməti təklif ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır