İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq və konsaltinq şirkətləri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda onlayn görüş keçirilib. Tədbirdə DVX-nin Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə təqdimatla çıxış edərək ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar və əldə olunmuş nəticələr barədə məlumat verib.
Sonra görüş iştirakçıları qeydiyyat sahəsində mövcud problemlər və təkmilləşmə imkanlarını müzakirə ediblər. “Ernst & Young Holdings (CIS) B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquq xidmətinin rəhbəri Məmməd Balacanov, “Dentons Europe (Central Asia) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının hüquqşünası Aytən Namazova, “BHM Hüquq Şirkəti” MMC-nin Korporativ və Maliyyə Hüququ Departamentinin meneceri Təhminə İmanova, “Ekvita” şirkətinin hüquq meneceri Elnarə Qələndərova hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində rast gəlinən çətinliklər barədə danışıb, qeydiyyat sahəsində sahibkarların işinin asanlaşdırılması məqsədilə bir sıra təkliflər irəli sürüblər.
Leyla Hüseyn-zadə “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib, layihənin rebrendinq edilərək “Business Ready” layihəsinə çevrildiyini bildirib.
Qeyd edilib ki, “B-Ready” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə Metodologiya sənədinə əsasən qiymətləndirmə əhalinin sayına görə ölkənin ən böyük şəhərində (Bakıda) aparılacaq və məhdud məsuliyyətli cəmiyyətlər hədəf kimi götürüləcək. “Doing Business” hesabatından fərqli olaraq, “Biznesə daxilolma” indikatoru daha geniş sahəni əhatə etməklə, beynəlxalq aspektləri, yerli şirkətlərlə yanaşı, xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsinin, eləcə də “start-up”lar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğunun və məlumatların şəffaflığının, benefisiar mülkiyyətçi barədə məlumat bazasının mövcudluğunun qiymətləndiriləcəyi bildirilib. Hazırda Yol Xəritəsinin reallaşdırılması üzrə işçi qrup bir sıra yeni layihələr üzərində çalışır və yaxın bir neçə ayda bunun praktiki nəticələrini görmək mümkün olacaq.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.