Bu ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən banklar məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından 61.5 milyon manat xalis gəlir əldə ediblər.
BBN.az xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.8% və ya 6.5 milyon manat çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları ərzində banklar əhalidən 351 milyon 273.1 min ABŞ dolları alışı həyata keçiriblər. Bu dövrdə bankların ABŞ dolları satışı isə 931 milyon 298 min təşkil edib. Bu il bankların ABŞ dolları alışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.5% və ya 16.7 milyon azalıb, ABŞ dolları satışı isə 2.1 dəfə və ya 491.5 milyon artıb.
Xatırladaq ki, eyni dövrdə banklar əhalidən 25 milyon 308.2 min Avro, 1 milyon 509 min İngilis funt sterlinqi, 3 milyard 78.1 milyon Rusiya rublu alışını, əhaliyə isə 44 milyon 982 avro, 4 milyon 241.7 İngilis funt sterlinqi, 569 milyon 879 min Rusiya rublu satışını həyata keçiriblər.