ICBC Standard Bank və Türk İnvestisiya Fondu (TIF) Fondun üzv ölkələrində həyata keçirilə biləcək mümkün maliyyə əməliyyatları üzrə müzakirələr aparıb.
Bununla bağlı TIF-in baş direktoru Ramil Babayev ilə “ICBC Standard Bank Plc”nin baş direktoru Çonq Qao arasında görüş keçirilib.
Görüş zamanı tərəflər əməkdaşlığın konkret istiqamətləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə xəzinə əməliyyatları və mümkün sindikasiya maliyyələşmələrinin daha ətraflı araşdırılmasına maraq ifadə ediblər. Eyni zamanda, müəyyən edilmiş imkanların müvafiq komandalar səviyyəsində təhlilinin davam etdirilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, 2015-ci il fevralın 1-də Industrial and Commercial Bank of China (ICBC) “Standard Bank Global Markets”in London bölməsi, o cümlədən “Standard Bank Plc” və bir sıra digər beynəlxalq əməliyyatlar üzrə nəzarət səhm paketini əldə edib. Daha sonra bank “ICBC Standard Bank Plc” adlandırılıb.
Türk İnvestisiya Fondunun yaradılması barədə qərar Türk Dövlətləri Təşkilatının 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilmiş 9-cu sammitində qəbul edilib. Fondun yaradılması haqqında saziş 2023-cü il martın 16-da Ankarada keçirilmiş TDT-nin növbədənkənar sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb və 2024-cü il fevralın 24-də qüvvəyə minib.
Macarıstanın TIF-ə qoşulmasından sonra Fondun nizamnamə kapitalı 100 milyon ABŞ dolları artırılaraq 600 milyon ABŞ dollarına çatdırılıb. Daha əvvəl bildirilib ki, növbəti beş il ərzində Fondun kapitalının mərhələli şəkildə daha da artırılması planlaşdırılır.