İİTKM-də Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Özbəkistanın araşdırma mərkəzləri ilə yanaşı, ayrı-ayrı dövlət qurumları və nazirliklərinin nümayəndələri də iştirak ediblər.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Mərkəzin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib və bildirib ki, İİTKM ölkədə aparılan iqtisadi islahatların təhlili ilə yanaşı, hazırda dövlət proqramları, yol xəritələri və strategiyaların monitorinq və qiymətləndirilməsi ilə də məşğuldur. Azərbaycan-Özbəkistan münasibətlərinə toxunan Vüsal Qasımlı ölkələrimiz arasında iqtisadi əlaqələrin davamlı inkişaf etdiyini və bunda iki ölkə rəhbərlərinin siyasi iradələrinin xüsusi rolu olduğunu vurğulayıb. O, Azərbaycanda əlverişli biznes və investisiya mühiti barədə qonaqları məlumatlandırıb və deyib ki, işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri işgüzar fəallığı bir qədər də canlandırmaqla yanaşı, yeni imkanlar da açıb. V.Qasımlı özbək investorları bu əlverişli mühitdən faydalanmağa dəvət edib. İİTKM-in icraçı direktoru Özbəkistanın da Qarabağın bərpasında iştirak etdiyini, Füzulidə 960 yerlik məktəbin tikintisini maliyyələşdirdiyini xatırladıb. V.Qasımlı, həmçinin Mərkəzin nəşrləri və operatoru olduğu portallar barədə də ətraflı məlumat verib və Mərkəzin təcrübələrini özbək həmkarlarla bölüşməyə hazır olduğunu bildirib.

Özbək nümayəndə heyətinin rəhbəri, Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Fayziyev isə öz növbəsində, Azərbaycanın dinamik şəkildə inkişaf etdiyini və ciddi nəticələr ortaya qoyduğunu deyib. O, Özbəkistanın Orta Asiyanın, Azərbaycanın isə Cənubi Qafqazın lokomotivi olduğunu vurğulayıb və əlaqələrimizi daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu bildirib. İİTKM-in fəaliyyətini məhsuldar hesab edən Ş.Fayziyev beyin mərkəzləri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri vəzifələrini icra edən Ayhan Satıcı isə TDAM barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, TDAM digər türk dövlətləri ilə yanaşı, Özbəkistanın sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır və bu ölkənin inkişafını əks etdirən statistik məlumatları 8 dildə digər ölkələrlə paylaşır.

Daha sonra nümayəndə heyətləri arasında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn və İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Natiq Pənahlı da görüşdə iştirak ediblər.

Görüş çərçivəsində özbək qonaqlar “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

Related posts

Ağdam Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb

2024-cü ilin ilk 11 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib

Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənir – Video

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı