İİTKM-in şöbə müdiri Sinqapurda keçirilən beynəlxalq konfransda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva Sinqapur Respublikasında keçirilən “The Singapore Economic Review Conference (SERC) 2024” beynəlxalq konfransında “Zəngəzur dəhlizi daxilində nəqliyyat infrastrukturuna investisiyanın iqtisadi təsirləri” (Economic impacts of an investment in transportation infrastructure within the Zangazur Corridor) adlı təqdimatla çıxış edib. Təqdimatda Zəngəzur dəhlizinin region ölkələri üçün əhəmiyyəti vurğulanıb, növbəti illərdə bu layihəyə qoyulan investisiyanın Azərbaycan iqtisadiyyatında yaradacağı əlavə dəyərlə bağlı hesablamalar diqqətə çatdırılıb.

Konfransın əsas spikerləri Çikaqo Universitetinin professoru Riçard Sandor və Sinqapurun baş nazirinin müavini Heng Svi Keat olub. Bununla yanaşı, Sinqapur Universiteti, Harvard Universiteti (ABŞ), Avstraliya Milli Universiteti, Koreya Universiteti, Kyoto Universiteti (Yaponiya), Tokyo Universiteti (Yaponiya), Pekin Universiteti (Çin), Kornel Universitetinin (ABŞ) və digər nüfuzlu təhsil ocaqlarının professorları və Asiya İnkişaf Bankı İnstitutunun rektoru Tetsuşi Sonobe konfransda iştirak ediblər.

Konfransın seçilmiş məqalələrinin “The Singapore Economic Review (SER)” (Sinqapur İqtisadi İcmalı) jurnalında çap olunması nəzərdə tutulub. Sinqapur İqtisadi İcmalı (SER) yüksək keyfiyyətli nəzəri və elmi məqalələrin nəşrinə həsr olunmuş 1956-cı ildə Asiyanın ən qədim iqtisadiyyat jurnallarından biri olan “Malayan Economic Review” tərəfindən təsis edilib. “SER” dünyanın ən böyük elmi nəşriyyatlarından biri olan və Sinqapurda yerləşən “World Scientific” nəşriyyatı tərəfindən dərc edilir. Jurnal “Web of Knowledge” databazasına daxildir, “Social Sciences Citation” indeksinə (SSCİ) malikdir və impakt faktoru 1.8-dir.

Related posts

Mobil operatorlar yeddi ayda 700 mln. manata yaxın gəlir əldə ediblər

Nazir Rəşad Nəbiyev Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb

Dövlət Xidməti internet tariflərinin artımı ilə əlaqədar araşdırmalara başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı