İKTA-da Dünya Bankının ekspertləri ilə görüş keçirilib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə “Cənubi Qafqazda rəqəmsal iqtisadiyyatın tətbiqinə dəstək missiyası və inklüzivlik və rəqabətqabiliyyətlilik üçün yüksək sürətli rəqəmsal əlaqənin təmin edilməsinə texniki yardım” layihəsi üzrə Dünya Bankının ekspertləri arasında görüş keçirilib.

Agentlikdən BBN.az-a bildirilib ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Rəqəmsal inkişaf təcrübəsinin rəhbəri Mişel Roqinin, rəqəmsal inkişaf üzrə baş mütəxəssis Maria Klaudia Paçonun və mütəxəssis Himmat Singh Sandhudanın iştirak etdikləri görüş zamanı İKTA-nın əsas fəaliyyət istiqamətləri, institusional quruculuğu və funksional strukturunun formalaşdırılmasının təşkili, İKTA mütəxəssislərinin bilik və bacarıqlarının artırılması məsələləri müzakirə olunub.

Dünya Bankının ekspertləri beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici tənzimləyici qurumlara dair ümumi təhlil, hüquqi və institusional əsaslar, təşkilati struktur və idarəetmə, tənzimləmə çərçivələrinin icmalı, insan resursları, digər qurumlarla institusional problemlər və maliyyə aspektləri kimi məsələlərdə Tənzimləyici quruma dəstək verməyə hazır olduqlarını bildiriblər.

Cari ilin sonuna kimi, Dünya Bankı və İKTA-nın mütəxəssisləri arasında Bankın hazırladığı ilkin hesabata dair ikinci aralıq nəticələrin müzakirəsi, eləcə də Tənzimləyici qurumun inkişaf istiqamətlərinin müəyyən edilməsi üçün paylaşılan ən yaxşı təcrübələrə əsaslanan potensial variantların hazırlanması üzrə silsilə işçi görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Dünya Bankı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nə nail olmaq üçün bütün iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək verir.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı