Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq, istismarına icazə verilən binalardakı mənzillərin operativ və əlçatan qeydiyyatı məqsədilə xidmət birbaşa ünvanlarda təşkil olunur. İlin ilk “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası 13-17 yanvar tarixlərində Nəsimi rayonunda keçiriləcək. Səyyar qeydiyyat xidmətindən istismarına icazə verilmiş 5 bina üzrə ümumilikdə 940-a yaxın mənzil sahibi istifadə edə biləcək.
Kampaniya 13 yanvarda Rəşid Behbudov küçəsi, 386-cı məhəllə, 14 yanvarda S.Salayev və A.Qurbanov küçələrinin kəsişməsindəki 364-cü məhəllə, 15 yanvarda isə H.Ələsgərov küçəsi, 4 ünvanlarındakı çoxmənzilli binalarda keçiriləcək. Yanvarın 16-sı səyyar qeydiyyat xidməti Topçubaşov küçəsi, Abay döngəsi, 360-cı məhəllə və yanvarın 17-si isə Mərdanov qardaşları küçəsi, 59 ünvanlarındakı istismarına icazə verilmiş binalarda təşkil ediləcək.
Mənzillərin dövlət reyestrində qeydiyyata alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlər tələb olunur. Qeyd edək ki, xidmət mənzil sahibinin istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində müvafiq dövlət rüsumu və xidmət haqqı ödənilməklə həyata keçirilir.