İlk elektrikli avtomobil zavodu Bursada açılacaq

Uzun müddətdir gündəmi zəbt edən Türkiyənin ilk yerli elektrik avtomobili ilə bağlı yeni məlumatlar yayılmağa davam edir. Türkiyə Avtomobil Təşəbbüsü Qrupu (TOGG) tərəfindən yayılan məlumata görə, avtomobilin istehsalı Türkiyənin böyük şəhərlərindən biri olan Bursada həyata keçiriləcək. Zavodun işçi heyəti ümumilikdə 4000 nəfərdən çox olacaq.

Ümumilikdə 3.7 milyard ABŞ dolları həcmində investisiyaya malik layihə nəticəsində hər il 175 min avtomobil istehsal olunacağı proqnozlaşdırılır.

Türkiyədə avtomobil istehsalı və ixracı inkişaf etsə də, avtomobillər beynəlxalq avtomobil istehsalçılarının ölkədə təməlini qoyduqları zavodlarda istehsal olunurdu. Qeyd edək ki, tam yerli avtomobilin istehsalı ilə bağlı planlar ilk dəfə 2017-ci ilin noyabr ayında Türkiyə prezidenti tərəfindən ictimaiyyətə açıqlanıb və 2021-ci ilədək 5 fərqli modelin istehsal ediləcəyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır