İmişlidə istehlakçıların iştirakı ilə konfrans keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçılar üçün növbəti maarifləndirici Konfrans oktyabrın 27-də İmişlidə keçirilib.

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən Konfransda istehlakçı hüquqlarının qorunması sahəsində qanunvericilik, hər bir istehlakçının bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, Dövlət Xidməti tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri diqqətə çatdırılıb.

Konrfansa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, qanunvericiliyin tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırılıb.

Həmin gün həmçinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən İmişlidə fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda seminar təşkil edilib.

Seminarda Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır