Ölkəmizdə pivə istehsalında dəyər zəncirinin yaradılması üçün yeni müəssisə yaradılır.
Qeyri-neft iqtisadiyyatının inkişafı və sənayeləşmə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Azərbaycanda pivə istehsalında dəyər zəncirinin yaradılması üçün avqustun 8-də İmişlidə yeni müəssisənin – pivəlik arpa emalı zavodunun təməli qoyulub. “Azərsun Holdinq”ə məxsus İmişli Şəkər Zavodunun ərazisində inşa olunacaq müəssisə “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Malları” MMC və Azərbaycan İnvestisiya Şirkətinin birgə investisiyası ilə reallaşdırılacaq. İldə ilkin olaraq 11 min ton, sonrakı mərhələdə 17 min ton pivəlik arpa (malt) emal edəcək zavod Azərbaycanda ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun, həmçinin ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. İnvestisiya dəyəri 25 milyon manat olacaq müəssisədə 50 nəfər daimi işlə təmin ediləcək. Zavodun fəaliyyətə başlaması ilə bu məhsul üzrə idxalın qarşısı alınacaq və 10 milyon dollardan çox vəsait ölkəmizdə qalacaq. Zavodda 510 tondan artıq yem əlavəsi əldə olunacaq. Layihə çərçivəsində zavodun xammalının saxlanılması üçün 12 min ton tutumu olan silo kompleksi inşa ediləcək, həmçinin “Azərşəkər” MMC tərəfindən Ağcabədi, İmişli və Füzuli rayonlarının ərazisində 8000 ha ərazidə arpa, şəkər çuğunduru və ərzaqlıq buğda üzrə əkin işləri həyata keçiriləcək.
Təməlqoyma ilə əlaqədar keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması tədbirlərindən danışıb.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasının fermerlərimizin fəaliyyətini dəstəkləyən bir addım kimi qiymətləndirib.
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev ölkədə sahibkarlar üçün yaradılan əlverşli investisiya mühitinin əhəmiyyətinə toxunub, İsveçrə texonologiyası ilə inşa olunacaq zavodun Cənubi Qafqaz regionunda ilk belə müəssissə olduğunu vurğulayıb.
“Azərsun Holdinq”in Kənd Təsərrüfatı və emal müəssisələri üzrə baş direktoru Məhəmməd Gözəl qeyd edib ki, yerli emal sənayesin son məhsullarının xammal bazasını Azərbaycanda yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan “Azərsun Holding” şəkər, yem məhsulları, süd emalı sənayesinin məhsullarını və ən əsası konservləşririlmiş meyvə tərəvəz məhsullarını istehsal edərkən məhz bu ideyanı əsas tutur. Sadalanan bu məhsulların istehsalı yerli xammala əsaslanan emal sənayesi hesabına ərsəyə gəlir.
“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis vurğulayıb ki, arpa emalı zavodunun inşası pivə istehsalında istifadə olunan xammalın lokallaşdırılmasında əhəmiyyətli addımdır. Şirkətin uzunmüddətli strategiyası pivə istehsalında tamamilə yerli xammaldan istifadə etməkdir.
Qeyd: 2019-cu ildən “Azərşəkər” MMC “Carlsberg Azərbaycan” şirkəti ilə birgə pivəlik arpanın yerli şəraitdə becərilməsini icra etməkdədir. Bunun üçün “Azərşəkər” və Avropanın pivəlik arpa toxumunun istehsalı üzrə ən qabaqcıl şirkətlərindən olan SECOBRA Recherches şirkəti ilə əməkdaşlıq edir. Şirkətin nəzdində olan AgroLab kənd təsərrüfatı laboratoriyasının köməyi ilə pivəlik arpa toxumunun istehsalı təşkil edilmişdir. Hazırda pivəlik arpa “Azərşəkər”in Şəmkir, Yevlax və Ağcabədi rayonlarında yerləşən təsərrüfatlarında yetişdirilir. Bütün bu tədbirlərin nəticəsi olaraq artıq 3 ildir ki, ölkəmizə pivə istehsalı üçün xam arpa idxal edilmir. Pivəlik xam arpanın yerli istehsalı ixrac imkanları yaratmışdır. Belə ki, bu məhsulun Carlsberg şirkətinin Qazaxıstan və Rusiyada yerləşən zavodlarının ehtiyacı üçün ixracı planlaşdırılır.