İnformasiya təhlükəsizliyi riskləri reyestrinin aparılma qaydası təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
BBN.az xəbər verir ki, qərara əsasən, informasiya təhlükəsizliyi riskləri reyestrinin aparılmasının hüquqi, texniki və təşkilati əsasları, risklərin qiymətləndirilməsi, emalı, eləcə də reyestrin hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən könüllülük əsasında aparılması ilə bağlı tələblər müəyyən edilib. Eyni zamanda, risklər reyestrinin sahibi və operatoru üçün reyestrdə mövcud olan biliklər və yeni aşkar olunan təhdidlər barədə məlumatların aidiyyəti üzrə ötürülməsi və onların yenilənməsi də nəzərdə tutulub.
Qərarla dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, habelə digər büdcə təşkilatları məsul olduqları informasiya məkanlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə təhdidlərin qarşısının alınması məqsədilə 6 ay müddətində informasiya təhlükəsizliyi riskləri reyestrini yeni təsdiqlənmiş qaydanın tələblərinə uyğun formalaşdırmalıdırlar.
Bundan əlavə, informasiya məkanında informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyə təhdidlərin kateqoriyalar üzrə təsnifatlaşdırılmış toplusunun yaradılması və daim yenilənməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin internet informasiya ehtiyatında “Təhdidlər və həllər” kataloqunun yaradılması nəzərdə tutulur.