
Böyük Britaniyada mərkəzi bank funksiyasını yerinə yetirən İngiltərə Bankı əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,75%-ə endirib. Bu barədə tənzimləyicinin yaydığı açıqlamada bildirilir.
Məlumata görə, Maliyyə-siyasəti üzrə komitə 17 dekabr 2025-ci ildə başa çatan iclasda səs çoxluğu ilə (5 səs lehinə, 4 səs əleyhinə) uçot dərəcəsinin 25 baza bəndi azaldılması barədə qərar qəbul edib. Bununla da İngiltərə Bankının əsas faiz dərəcəsi ilk dəfə olaraq 2023-cü ilin yanvarından bəri 4%-dən aşağı düşüb.
Faiz dərəcəsinin azaldılması inflyasiyanın zəifləməsi fonunda baş verib. Hazırda Böyük Britaniyada illik inflyasiya səviyyəsi 3,2% təşkil edir. Qərara təsir göstərən digər amillər sırasında ölkə iqtisadiyyatının 0,1% kiçilməsi, eləcə də oktyabr ayının nəticələrinə əsasən işsizlik səviyyəsinin 5,1%-ə yüksəlməsi qeyd olunur.
İngiltərə Bankı bildirib ki, monetar siyasət üzrə növbəti addımlar iqtisadi göstəricilərin dinamikasından asılı olaraq müəyyən ediləcək.







