İngiltərə Mərkəzi Bankı (Bank of England) sentyabrın 18-də keçirilən iclasda əsas faiz dərəcəsini 4% səviyyəsində saxlayıb.
BBN.az xəbər verir ki, qərar Monetar Siyasət Komitəsinin 9 üzvündən 7-sinin dəstəyi ilə qəbul olunub. 2 üzv isə dərəcənin 3,75%-ə endirilməsinin tərəfdarı olub.
Avqust ayı üzrə illik inflyasiya göstəricisi 3,8% səviyyəsində olub. Bu, Bankın 2%-lik hədəfindən xeyli yüksəkdir. Rəsmilər bu səbəbdən daha ehtiyatlı mövqe sərgiləyirlər.
Bankın rəhbəri Endryu Beyli bildirib ki, inflyasiyanın hədəfə yaxınlaşmasına baxmayaraq, risklər hələ tam aradan qalxmayıb. Ona görə də faiz endirimləri tədricən və ehtiyatla həyata keçiriləcək.
Mərkəzi Bank 2024-cü ilin avqustundan başlayaraq faiz dərəcələrini mərhələli şəkildə azaldır. Növbəti qərarın noyabrda qəbul olunması gözlənilir.
Qərarın bazarlara mümkün təsirləri
Qərarın bazarlara mümkün təsirlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, tənzimləyicinin faiz dərəcəsini sabit saxlaması kredit və ipoteka faizlərində azalma prosesini yubatmış olur.
Eyni zamanda, qərarın funt sterlinqin məzənnəsinə ciddi təsir göstərəcəyi gözlənilmir. Uzunmüddətli faiz endiriminə dair bazar gözləntiləri isə zəifləyib.