“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İnnovasiyalar Agentliyinin təşkilatçılığı, AREA – Azərbaycan Robototexnika  Mühəndisliyi Akademiyası, “Sumaks Academy”, “Engineering for kids” və “Mars Academy”nin tərəfdaşlığı ilə “Roboday” festivalı keçirilib.

“Robopark” layihəsinin tərkib hissəsi olan festivalda müxtəlif robotlarla  ünsiyyət qurmaq imkanı yaradan sərgilər, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər təşkil olunub. Eyni zamanda, gənc nəslin dron və robotlarla ilkin tanışlığı, ümumilikdə robototexnika sahəsi üzrə maarifləndirilməsi məqsədilə müxtəlif təlimlər, o cümlədən “Dron”, “Robofutbol” və “Robosumo” yarışları keçirilib, robot şouları nümayiş olunub. Əyləncə zonasında “Formula 1”-in avtomobil simulyatorları yerləşdirilib.

AREA tərəfindən “WRO – Dünya Robot Olimpiadası” yarışı üzrə “Regular” kateqoriyası üçün ayrıca yarış meydançası qurulub.

Həmçinin “Roboday” festivalı çərçivəsində gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır