İnvestisiya müsabiqəsi nəticəsində daha bir zavod yenidən qurulacaq

Azərbaycanda özəlləşdirmə nəticəsində daha bir balıqartırma müəssisəsi yenidən qurulacaq. Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul 2019-cu il tarixində “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.

Aidiyyəti dövlət qurumlarının təmsil olunduğu müsabiqə komissiyası tərəfindən potensial iddiaçılar qarşısında maliyyə, iqtisadi, investisiya və sosial şərtlər qoyulub.

Əsas şərtlər müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tərəfindən investisiya təklifləri təqdim olunmuşdur. Təkliflərə baxıldıqdan sonra komissiya üzvləri arasında açıq səsvermə yolu ilə “Azerbaijan Fish Farm” Məhdud Məsuliyyətli Cəmiyyəti “D.Yusifov adına Qəbələ Qızıl Balıqartırma Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1.2 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Eyni zamanda ümumi həcmi 1.1 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin əmək haqqı və DSMF-yə olan borclarının ödənilməsi, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini şirkət öz üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır