İonik-Adriatik layihəsi üzrə memorandum imzalanıb

Avqustun 25-26-da Xorvatiyada keçirilən Dubrovnik Forumu çərçivəsində Xorvatiya, Bosniya və Herseqovina, Albaniya və Monteneqro arasında İonik-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline-IAP) layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Tədbirdə “SOCAR Balkans” şirkətinin Baş icraçı direktoru Murad Heydərovun başçılıq etdiyi nümayəndə heyəti SOCAR-ı müşahidəçi qismində təmsil edib. Xorvatiyanın iqtisadiyyat naziri Tomislav Paneniç, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç və digər dövlətlərin yüksək vəzifəli nümayəndələri çıxışlarında layihənin əhəmiyyətini vurğulayıblar.

Avqustun 26-da İonik-Adriatik boru kəməri üzrə Layihənin İdarəedilməsi Qrupunun iclası keçirilib. SOCAR nümayəndələri qrupun üzvü qismində iclasda iştirak edib. Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya arasında IAP kəmərinin Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinə (TAP) qoşulması haqqında bəyannamə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır